MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra B.Muradova Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizin keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyevin böyük şəxsi təcrübəsi və siyasi iradəsi sayəsində qazanılmış nailiyyətlər, Azərbaycanın bu gün Cənubi Qafqazdakı aparıcı mövqeyi iri regional layihələrin həyata keçirilməsindəki xüsusi rolu, eləcə də üzləşdiyi problemlər barədə qonağa ətraflı məlumat vermişdir.
Eumelio Kabalyero ətraflı məlumata görə minnətdarlıq etmiş, Azərbaycana səfərindən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Kuba Rusiya, Mərkəzi Asiya ölkələri və Cənubi Qafqaz respublikaları ilə əlaqələri yenidən bərpa etmək və genişləndirmək niyyətindədir. Səfərdən məqsəd də Azərbaycan tərəfi ilə bu barədə danışıqlar aparmaqdır. Qonaq öz ölkəsində Azərbaycanı yaxşı tanıyan, vaxtilə Bakıda təhsil almış mütəxəssislərin çox olduğunu, Kuba parlamentində Azərbaycanla əlaqələrin inkişafına dair işçi qrupunun yaradıldığını bildirmişdir. O, Azərbaycanın BMT–nin İnsan Hüquqları Şurasına üzv seçilməsini yüksək qiymətləndirmiş, Kubaya qarşı tətbiq edilmiş qadağaların aradan qaldırılmasında göstərdiyi köməyə görə rəsmi Bakıya minnətdarlığını ifadə etmişdir.
Sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə, Azərbaycan-Kuba parlamentlərarası dostluq qrupunun üzvü Yevda Abramov, Kubanın Rusiyada və Azərbaycandakı səfiri Marti Martinesxorke və digər rəsmi şəxslər iştirak etmişlər.