MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ VƏTƏNƏ QAYITMIŞDIR
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 28-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə nümayəndə heyəti Osvensimdəki Auşvits-Birkenau ölüm düşərgəsi məhbuslarının azad olunmasının 60 illiyi ilə bağlı keçirilən mərasimdə iştirak etmişdir. İnsanlıq tarixindəki ən dəhşətli hadisələrdən birinin ildönümünü yad etmək üçün 46 dövlət və beynəlxalq qurumun nümayəndə heyətləri, qalıqları insanda hələ də vahimə doğuran keçmiş ölüm düşərgəsinə gəlmişdilər. Mərasimin gedişini 1700-dən çox jurnalist, o cümlədən yüzə yaxın çəkiliş qrupu işıqlandırmışdır.
Mərasim Krakovdakı Yulius Slovaksi adına teatrda keçirilən “Qoy mənim xalqım yaşasın” forumu ilə başlanmışdır. Sonra iştirakçılar Osvensimə yollanmış və burada keçirilən anma mərasimində iştirak etmişlər. Tədbirdə ölüm düşərgəsinin Polşadan, Fransadan və Almaniyadan olan üç məhbusunun çıxışları dinlənilmişdir. Daha sonra Roma Papası II İohan Pavelin mərasim iştirakçılarına müraciəti səsləndirilmişdir. Polşa, Rusiya və İsrail Prezidentlərinin çıxışlarında İkinci Dünya müharibəsi dövründə hitlerçilər tərəfindən törədilmiş antibəşəri cinayətə qiymət verilmiş, insanlığı təhdid edən yeni təhlükə və risklərdən söz açılmışdır. Müxtəlif dini konfessiyaların nümayəndələri Osvensimdə məhv edilən bir milyondan çox insanın xatirəsinə dualar oxumuşlar. Nümayəndə heyətlərinin başçıları, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri M.Ələsgərov Osvensim qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə şam yandırmışlar.
Krakov şəhərinin “Şeraton” hotelində davam edən mərasim zamanı Milli Məclisin sədri Murtuz Ələsgərov, Polşa Prezidenti Aleksandr Kvasnevski, Rusiya Prezidenti Vladimir Putin, Bolqarıstan Prezidenti Qriqori Pırvanov, Polşa Senatının sədri Longin Pastusiak, Belarus Senatının sədri Gennadi Novitski, Qazaxıstan Senatının sədri Nurtay Abukayev, Türkiyənin xarici işlər naziri Abdullah Gül, Avropa Yəhudi Konqresinin prezidenti Vyaçeslav Kantor, Avrasiya Yəhudi Konqresinin prezidenti Aleksandr Maşkeviç ilə qısa görüşlər keçirmişdir.
Yanvarın 28-də Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Varşavadan Vətənə qayıtmışdır.