MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA 20-DƏN ÇOX QANUN LAYİHƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Milli Məclisdə 2008-ci ilin payız sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Milli Məclis sədrinin müavini Bahar Muradova payız sessiyası ərzində görüləcək işlər barəsində ətraflı məlumat vermişdir. O demişdir ki, parlamentin daimi komissiyalar, tətil dövründə bir sıra vacib qanun layihələri üzərində işləmişdir. Sessiyanın gündəliyinə iqtisadi, sosial, aqrar, insan hüquqları sahələrini əhatə edən 20-dən çox qanun layihəsi daxil edilmişdir. Bununla yanaşı, sessiya dövründə qanunvericilik təşəbbüsü subyektlərindən təqdim olunacaq sənədlərlə, eləcə də “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” qanunlar zərfinə daxil olan layihələrə də baxılacaq, bəzi qanunlara əlavələr və dəyişikliklər ediləcək, beynəlxalq konvensiyalar, dövlətlərarası, hökumətlərarası sazişlərə və müqavilələrə baxılacaqdır. Bildirilmişdir ki, sessiya dövründə müzakirə olunacaq layihələr içərisində “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Uşaq idmanı haqqında”, “Rəqabət Məcəlləsi”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Könüllülük fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların intizam həbsi haqqında”, “Azərbaycan Respublikasının sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçularının hüquqlarının təmin olunması haqqında” qanun layihələri də vardır.
Bildirilmişdir ki, bu sessiya dövründə də bir sıra ictimai-siyasi əhəmiyyətə malik məsələlərə dair müzaklirələr və dinləmələrin keçirilməsi nəzərdə tutulmuşdur.
Bundan başqa, oktyabrın 15-də prezident seçkilərinin şəffaf və ədalətli keçirilməsi ilə bağlı parlament müvafiq iş aparır. Bu seçkiləri müxtəlif ölkələrin parlamentlərinin çoxsaylı nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri müşahidə edəcəklər. Eləcə də Milli Məclisin deputatları ABŞ-da, Avstriyada və digər ölkələrdə keçiriləcək seçkiləri izləyəcəklər.
Sonda Bahar Muradova və parlament Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.