MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV GÜZDƏK QƏSƏBƏSİNDƏYENİ MƏKTƏB BİNASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Abşeron rayonu təhsil şöbəsinin müdiri Nadir Ağayev demişdir ki, üç əsrlik tarixi olan Güzdək qəsəbəsində 2106 nəfər sakin, 317 təsərrüfat, bir sıra obyektlər vardır. 100 il öncə istifadəyə verilmiş Güzdək orta məktəbi günün tələblərinə cavab vermirdi. Ölkəmizin Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi qayğı Abşeron rayonunda da öz bəhrəsini verir. Təhsil Nazirliyi qısa vaxt ərzində burada geniş, işıqlı sinif otaqları olan müasir tipli məktəb binası tikmişdir. Bu təhsil ocağı bütün standartlara cavab verir. İndi məktəbdə 260 şagird rahat, yüksək keyfiyyətli təhsil ala biləcəkdir.
Sonra o, mərasimi açıq elan etdi, Azərbaycanın dövlət himni səsləndirildi. Məktəbin müəllimi Fazil Şəmiyev, qəsəbə sakini Oqtay Xəlilov ürək sözlərini dedilər, məktəblilər Bilik gününə həsr olunmuş şeirlər səsləndirdilər.
Təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək dedi ki, bu gün ölkədə 145 yeni məktəb binasının açılşı olmuşdur. Təkcə Abşeron rayonunda 3 məktəb binası tikilərək istifadəyə verilmiş, 25 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Yeni məktəb binalarının tikintisi, mövcud təhsil ocaqlarının təmiri və onların kompyuterləşdirilməsi işləri bundan sonra da davam etdiriləcəkdir.
Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan söz açmış və Abşeronda həyata keçirilən quruculuq işləri ilə sentyabrın 12-də yaxından tanış olması barədə ətraflı məlumat vermişdir.
Milli Məclisin sədri Oqtay Əsədov çıxışında demişdir ki, ölkəmizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət öz nəticələrini verməkdədir. Azərbaycan Prezidentinin elmə və təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə yeni məktəb binası tikilərək istifadəyə verilmiş, əksər məktəblər əsaslı təmir edilmiş, kompyuterləşdirilmiş, dərs ləvazimatı və müasir avadanlıqla təchiz olunmuşlar. Milli Məclis də təhsilə qayğısını əsirgəməyəcək. “Təhsil haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaqdır. Layihə geniş ictimaiyyətin müzakirəsinə veriləcək, rəy və təkliflər alındıqdan sonra qəbul olunacaqdır.
Oqtay Əsədov deputat seçildiyi Abşeron rayonunun sosial-iqtisadi inkişafı üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirmişdir.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra birinci sinfə gedən qız ilk zəngi səsləndirmişdir. Milli Məclisin sədri və digər rəsmi şəxslər məktəbin binası ilə tanış olmuşlar.
Milli Məclisin adından məktəbə 11 kompyuter dəsti, birinci sinfə qədəm qoyan körpələrə bütün dərs ləvazimatı verilmişdir.
Sonra qonaqlar Abşeron rayonunun Qobu qəsəbəsində Qəzənfər Xalıqov adına 1 nömrəli orta məktəbdə olmuşlar. Qəsəbə bələdiyyəsinin vəsaiti hesabına əsaslı təmir olunmuş 1176 yerlik məktəbə Milli Məclis adından 9 kompyuter hədiyyə edilmişdir.
Elə həmin gün Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər əsaslı təmir olunmuş Qobu xəstəxanasında, Hökməli qəsəbəsindəki orta məktəbdə və Xırdalan qəsəbəsindəki 3 nömrəli məktəbdə olmuşlar.
Milli Məclisin sədri sakinlərlə də görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Sonda Milli Məclisin sədri Oqtay Əsədov jurnalistlərin suallarını cavablandırmışdır.