SİYASƏT
Milli Məclisin sədri: Revanşizmə rəvac verilməsi bölgədə sabitliyə ciddi təhlükə törədir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycanın Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığının dayandırılması barədə qərar ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, AŞPA-nın Azərbaycana qarşı haqsızlığının, qeyri-obyektivliyin, qərəzinin və ikili standartlarının açıq təzahürü ilə bağlı siyasi aksiyanın həqiqi səbəbləri hamıya məlumdur. “Avropada müəyyən qüvvələr 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər. Burada narahatlıq doğuran məqam odur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın bəziləri tərəfindən qəbul edilməməsi və erməni revanşizminə rəvac verilməsi bölgədə möhkəm və uzunmüddətli sülh və sabitlik yaradılması üçün göstərilən səylərə ciddi təhlükə törədir”, - deyə parlamentin sədri vurğulayıb.