MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
“Dəyirmi masa”da Milli Məclisin deputatları, Məşvərət Məclisində təmsil olunan siyasi partiyaların rəhbərləri, eləcə də, ölkəmizdə fəaliyyət göstərən ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri giriş sözü ilə açaraq, müstəqil Azərbaycan dövlətinin mövcudluğunda 15 iyun qurtuluş gününün rolundan danışmış, ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulamışdır.
“Dəyirmi masa”da çıxış edən digər natiqlər xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışına qədər ölkədə cərəyan edən proseslərdən, Azərbaycanın düçar olduğu vəziyyətin ağırlığından danışmışlar. İftixar hissi ilə vurğulanmışdır ki, ulu öndərimizin müəyyənləşdirdiyi uğurlu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir və xalqımız bu xətti birmənalı dəstəkləyir.
Tədbir iştirakçıları təkrar-təkrar bildirmişlər ki, Heydər Əliyev siyasi hakimiyyətə tarixi qayıdışı ilə işıqlı sabahı olan müstəqil Azərbaycanı milli sərvət kimi xalqına bəxş etmişdir.