MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Konfrans iştirakçıları Azərbaycan xalqının milli lideri Heydər Əliyevin nurlu xatirəsini bir qədiqəlik sükutla yad etmişlər.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev konfransı açaraq, toplaşanları bayram münasibətilə təbrik etmiş, 1993-cü ilin iyununadək və sonra respublikamızda yaranmış siyasi vəziyyət barədə söhbət açmış, 15 iyun gününün tarixi əhəmiyyətini vurğulamışdır. O, ölkəmizin son 11 ildə keçdiyi mürəkkəb, kəşməkəşli yoldan danışaraq demişdir ki, yalnız görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra cəbhədə atəşkəsə nail olmaq, separatçıların planlarını alt-üst etməklə millətimizin parçalanmasının, dövlətimizin dağılmasının qarşısını almaq, qüdrətli ordu yaratmaq, respublikada siyasi və ictimai sabitliyə nail olmaq və ölkə iqtisadiyyatının dinamik yüksəlişini təmin etmək mümkün olmuşdur. Məhz buna görə də Heydər Əliyev, həqiqətən, öz xalqının xilaskarı, dahi azərbaycanlıdır.
Konfransda “Dahi liderin 1993-cü ilin iyununda respublika rəhbərliyinə tarixi qayıdışı xalqın milli qurtuluşu olmuşdur”, “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarıdır”, “Gənc, müstəqil Azərbaycan Respublikasında həyata keçirilən daxili və xarici siyasət”, “Müstəqil Azərbaycan Respublikasında iqtisadiyyatın və sahibkarlığın inkişafı” mövzularında məruzələr dinlənilmişdir.