“MİLLİ TƏHLÜKƏSİZLİK HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞDA QƏBUL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son sessiyasında Azərbaycan parlament nümayəndə heyətinin fəaliyyəti ilə bağlı hesabat verilməsi tələbi ilə çıxış etmişlər.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qaldırılan məsələlərə aydınlıq gətirmişdir. O demişdir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra parlament nümayəndə heyətinin rəhbəri İlham Əliyevin başçılığı ilə bir sıra uğurlar qazanılmışdır. Parlament Assambleyasının son dövrlər qəbul etdiyi sənədlərdə Ermənisanın təcavüzkar dövlət kimi tanınması nümayəndə heyətimizin parlaq qələbəsidir. AŞPA-nın son sessiyasında İlham Əliyevin Azərbaycanın Prezidenti kimi çıxışı isə xüsus əhəmiyyət kəsb etmişdir. Prezident öz nitqi, qaldırdığı məsələlərin aktuallığı ilə Avropanı fəth etmişdir.
Şimali Kiprin quruma müşahidəçi statusu ilə qəbulu məsələsi də bəzi kütləvi informasiya vasitələrində yazıldığı kimi deyildir. Müzakirələrdən əvvəl deputatlara AŞPA-nın hüquq komitəsinin rəyi paylanmışdır. Rəydə vurğulanır ki, Şimali Kiprin hər hansı bir statusla AŞPA-ya qəbulu digər qondarma “respublikaların” da eyni addım atmalarına təkan verəcəkdir. Azərbaycan parlament nümayəndə heyəti bunu nəzərə alaraq, dövlət maraqlarını daha üstün tutmuş, məsələ ilə bağlı səsvermədə iştirak etməmişdir.
Səməd Seyidovun məlumatından sonra əksər deputatlar nümayəndə heyətinin fəaliyyətini müsbət qiymətləndirmişlər.
Sonra gündəlikdə dura məsələlərin müzakirəsinə başlanmış, “Milli Təhlükəsizlik haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilmişdir. Deputatlar sənədlə bağlı bir sıra təkliflər irəli sürmüş, bəzi maddələrə iradlarını bildirmişlər.
Milli təhlükəsizlik və müdafiə nazirliklərinin nümayəndələri qaldırılan məsələlərə münasibət bildirdikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunmuşdur.
Daha sonra Milli Məclis bəzi qanunvericilik aktlarına əlavə dəyişikliklər etmişdir. Azərbaycan Respublikası vətəndaşlarının istifadəsində olan köhnə sovet parsportlarının müddəti 2005-ci il iyun ayının 30-dək uzadılmış, ali məktəblərə qəbulla bağlı qaydalar dəyişdirilmişdir.