Mingəçevir Dövlət Universitetində onlayn formatda magistrantların elmi-nəzəri konfransı keçirilib
Mingəçevir, 21 aprel, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) magistrantların elmi-nəzəri konfransı keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Elm Günü”nə həsr edilmiş konfrans “ZOOM” platforması üzərindən onlayn formatda təşkil olunub.
Konfransın plenar iclasının açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitetdə tədris prosesi ilə yanaşı, elmi fəaliyyətdə də davamlılığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Magistrantların dissertasiya işlərini vaxtında və keyfiyyətlə yaza bilmələrinə zəruri dəstəyin göstərilməsi üçün aidiyyəti kafedralara müvafiq tapşırıqların verildiyini vurğulayan rektor, virtual konfransın bu sahədə mövcud durumun monitorinqi baxımından yaxşı fürsət olduğunu bildirib.
MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov konfransın plenar iclasında 7, bölmə iclaslarında isə 15 məruzənin təqdim ediləcəyini bildirib.
Sonra konfransda məruzələr dinlənilib. Sonda konfransın plenar iclasının iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb.