Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş
Bakı, 11 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor, xüsusi karantin rejimi dövründə tədris prosesinin məsafədən təşkilində göstərdikləri fəallığa görə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinə təşəkkürünü bildirib.
Elektron resursların, xüsusilə də videodərslərin vaxtında tələbə və magistrantlara çatdırıldığını söyləyən Ş.Bayramov universitetin Elmi Şurasının müvafiq qərarı ilə qəbul edilmiş “MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları”nın icra durumu barədə məlumat verib.
Semestr ərzində tələbələrin biliyinin qiymətləndirilməsinin və kollokvium nəticələrinin qənaətbəxş olduğunu vurğulayan rektor 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq işlərinin başa çatdırıldığını deyib.
Mövcud karantin rejiminin tələbləri və məsafədən tədrisin reallıqları nəzərə alınmaqla tətbiq ediləcək güzəştlərdən danışan Ş.Bayramov qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın təmin olunmasının zəruriliyini bildirib. Bütün tələbələrə, xüsusilə də birinci kurs tələbələrinə həssas yanaşmanın vacibliyini vurğulayan rektor imtahan prosesi barədə müvafiq tövsiyə və göstərişlər verib.
Müzakirələrlə davam edən görüşdə professor-müəllim heyətinin üzvləri yaradılan şəraitdən məmnunluqlarını ifadə edib və mövcud qaydalar çərçivəsində imtahan sessiyasının keçirilməsinə tam hazır olduqlarını bildiriblər.
Görüşdə imtahanların təşkili ilə bağlı bir sıra texniki xarakterli suallara aydınlıq gətirilib.