REGİONLAR
Mingəçevir Dövlət Universitetində semestr imtahanları ilk dəfə olaraq “Microsoft Teams” üzərindən keçirilib
Mingəçevir, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil edilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyunun 8-də başlayan onlayn imtahan sessiyasının ikinci həftəsi də yekunlaşıb.
İyunun 8-19 tarixlərini əhatə edən ilk 9 imtahan günündə bakalavriat və magistratura səviyyələri üzrə 301 imtahanda 1874 tələbə və magistrant iştirak edib. Bütün tələbələr müvəffəq qiymət alıblar.
Karantin dövrünün reallıqları nəzərə alınmaqla çoxsaylı güzəştlərin tətbiqi ilə müşayiət olunan imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi təmin edilib. Belə ki, İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti məsafədən təşkil olunan imtahanlara adekvat formada həyata keçirilir.
MDU-nun gənc əməkdaşlarından ibarət “Texniki dəstək qrupu” və müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” yeni formatda keçirilən imtahan sessiyasında xüsusi fəallıq göstərirlər. Bundan başqa, ilk dəfə MDU-nun tələbələrdən ibarət “İmtahan könüllüləri” layihəsi imtahan prosesində çevikliyin və səmərəliliyin təmin olunmasında mühüm rol oynayır.
MDU-da yaz semestrinin imtahan sessiyası iyulun 7-dək davam edəcək.