ELM VƏ TƏHSİL
Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri yenidən nəşr edilib
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri çapdan çıxıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi və bu kimi 35 sənətkar, ikinci hissəsində isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və başqalarından ibarət 56 şair haqqında məlumat verilib və əsərlərindən nümunələr təqdim edilib.
Mir Möhsün Nəvvabın ilk dəfə 1998-ci ildə nəşr olunan “Təzkireyi-Nəvvab” əsəri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov əsərin təkrar nəşri üzərində bir il yarım işlədiyini, mətnin yeni variantını təzkirənin avtoqraf və müxtəsər əski çap nüsxəsi ilə sətirbəsətir tutuşdurduğunu, buraxılmış beytləri və hətta bütöv şeir parçalarını bərpa etdiyini deyib.
Qeyd edək ki, təzkirənin mətni təcrübəli mütəxəssislər akademik Teymur Kərimli və filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən redaktə edildikdən sonra Tünzalə Seyfullayeva tərəfindən korrektə olunub. Bu nəşrə əlyazmaşünas alimlərimiz Azadə Musayeva və Raqub Kərimovun verdikləri müsbət rəy onun elmi dəyər və mötəbərliliyini bir daha da artırır.
Kitabın tərtibçisi “Təzkireyi-Nəvvab” üzərində zəhməti olan mərhum alimlərimiz Nəsrəddin Qarayev və Fərrux Fərmanovu, təzkirənin əvvəlki nəşrinin redaktorları Məmmədağa Sultanov və Cahangir Qəhrəmanovu minnətdarlıqla yad edib. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi - indeks və 25 Qarabağ şairinin avtoqraf əlyazma nümunələrinin surətləri də əlavə edilib. Yeni nəşrdən istifadə edənlər onun əvvəlki nəşrdən daha mükəmməl olduğunun şahidi olacaqlar.