Misir KİV-də ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 12 dekabr, AZƏRTAC
Misirin “Cümhuriyyə”, “Sada Əl Arab”, “Şuruğ”, “Raiyam”, “Əxbar əl Yom” qəzet və portallarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfiri Tural Rzayevin müəllifi olduğu məqalədə onilliklər ərzində ölkəmizə rəhbərlik edən və müasir Azərbaycanın memarı olan dahi liderin öz xalqının yaddaşında əbədi yaşadığı qeyd olunub. O, milli birliyin təminatçısı və qoruyucusu kimi, ən ağır illərdə ölkəni fəlakətdən xilas edib.
Yazıda Ulu Öndərin mənalı həyatı və xalqının rifahı uğrunda yorulmaz fəaliyyəti haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı onun nəhəng sənaye müəssisələrinin tikintisi, mədəniyyət sahəsində intibah, quruculuq üzrə misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Dahi şəxsiyyətin gənclərin təhsilinə yüksək qayğısı nəticəsində bütöv bir ziyalı, alim nəsli yetişib və onlar bu gün dövlətimizin mənafeyi naminə səmərəli fəaliyyət göstərirlər. Heydər Əliyevin 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsi isə Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biridir. Müstəqillik illərində yenidən ölkəyə rəhbərlik edən dahi siyasətçinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrildi və Qafqazın lider ölkəsi oldu. Bu gün onun siyasətini davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələrində böyük uğurlara imza atıb. Dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl islahatlar, mükəmməl idarəçilik və düşünülmüş xarici siyasət kursu Azərbaycanı regional miqyasda qabaqcıl dövlətə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib.
Məqalədə vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın işğal altında qalmış əraziləri azad edib və işğalçı Ermənistan kapitulyasiya etməyə məcbur olub. Beləliklə, dövlətimizin başçısı mərhum ümummilli lider Heydər Əliyevin iradəsini yerinə yetirərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və xalqımızın rifahı naminə yeni üfüqlər açıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə