Misir ordusu qibti xristianı edam edən terrorçuları zərərsizləşdirib
Qahirə, 19 aprel, AZƏRTAC
Misir ordusu Sinay yarımadasının şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı İŞİD adından 62 yaşlı qibti xristian Nəbil Həbaşini edam edən və bu dəhşətli səhnəni videoya çəkərək sosial şəbəkələrdə yayan terrorçuları zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, məhv edilən hər üç terrorçu Misir vətəndaşları olan qibti xristianları qətlə yetirir və onların əmlakına yiyələnirdi. İŞİD quldurlarının yerini təsbit edən təhlükəsizlik qüvvələri onların düşərgələrinə hücum edib və atışma zamanı sosial şəbəkələrdə videosu yayılan terrorçular öldürülüb. Düşərgədən çoxlu sayda partlayıcı qurğu və avtomat da götürülüb.
Misirin qibti pravoslav kilsəsinin patriarxı II Tavadros terrorçuların qətlə yetirdiyi yaşlı insanın ailəsinə başsağlığı verib, terrorçuları məhv etdiyinə görə təhlükəsizlik qüvvələrinə təşəkkürünü bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə