Misir və ABŞ prezidentləri Şimali Afrikada və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Qahirə, 25 may, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə ABŞ-ın dövlət başçısı Co Bayden arasında telefon danışığı olub.
AZƏRTAC Misir Prezidentinin mətbuat katibi Bəssam Radiyə istinadla xəbər verir ki, tərəflər Yaxın Şərqdə və Şimali Afrikada vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkənin liderləri İsraillə Fələstin arasında atəşkəsin monitorinqi, habelə Liviyada son vəziyyəti müzakirə ediblər. ABŞ Prezidenti Misirin İsrail ilə Fələstin arasında vasitəçilik missiyasını, həmçinin Qəzza sektorunun bərpası üzrə səylərini dəstəklədiyini bildirib. Co Bayden rəsmi Qahirənin regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Tərəflər Böyük Efiopiya Renessans Su Bəndi ətrafında yaranmış gərginliyi də müzakirə ediblər. ABŞ Prezidenti bildirib ki, Vaşinqton Misirin su təhlükəsizliyini dəstəkləyir.
Müzakirələrdən sonra Misir Prezidenti özünün tvitter səhifəsində Co Baydenlə səmərəli dialoqdan, ABŞ-ın rəsmi Qahirənin regional və beynəlxalq sülhün təmin edilməsi istiqamətində səylərinə yüksək qiymətləndirməsindən şərəf duyduğunu yazıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]