Misirin nüfuzlu “Əl-Şuruk” qəzetində 31 mart azərbaycanlıların soyqırımına dair məqalə dərc edilmişdir
Bakı, 17 aprel (AZƏRTAC). Misirin nüfuzlu ərəbdilli “Əl-Şuruk” qəzetində jurnalist Əhməd Əbdu Tərabiyin 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarix özünü təkrar edir və ya tiranlar tarixi hadisələri təkrar edirlər” adlı məqaləsi dərc edilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş qırğınların Azərbaycan xalqının tarixində baş vermiş ilk və sonuncu faciə olmadığı bildirilmişdir.
Müəllif 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya müdaxiləsi və 1992-ci il fevralın 26-da Xocalı soyqırımının timsalında tarixin özünü təkrarladığını qeyd etmişdir. O, 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirdiklərini, insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirmişdir. Yazıda evlərin, məktəblərin, abidələrin, ibadət ocaqlarının yandırıldığı və şəhərin viran edildiyi barədə oxuculara geniş məlumat vermişdir. Məqalədə bu faciənin Azərbaycanın digər şəhərlərində də törədildiyini və 50 mindən artıq azərbaycanlının qətlə yetirildiyi bildirilmişdir.
Müəllif Osmanlı İmperiyasında baş vermiş hadisələri qondarma “soyqırımı” adlandırmağa çalışan ermənilərin 1905-1907-ci, 1918-ci və 1992-ci illərdə Azərbaycanda həyata keçirdikləri soyqırımlara görə cavab verməli olduqlarını vurğulamışdır.
Məqalədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunu işğal altında saxladığını və bu siyasətin ermənilərin region xalqları ilə sülh şəraitində yaşamaq niyyətində olmadığını, öz xalqını müharibəyə və nifrətə sürüklədiyini diqqətə çatdırmışdır.
Məqalənin tam mətni ilə ttp://www.shorouknews.com/menbar/view.aspx?cdate=29032012&id=318bc01a-4c1b-4871-aa35-f0cccf8dacc8 linkindən tanış olmaq mümkündür.