“Moderna” kompaniyasının koronavirus peyvəndi 94,5 faiz effektivlik göstərib
Bakı, 16 noyabr, AZƏRTAC
Amerikanın “Moderna” kompaniyasının koronavirusa qarşı peyvəndi hazırkı Prezident Donald Trampın sayəsində yüksək nəticə göstərib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Keyli Makineni özünün “Twitter” səhifəsində yazıb.
“Mühüm xəbərlər! Prezident Donald Trampın uğurlu “Qeyri-adi sürət əməliyyatı” (Operation Warp Speed) proqramı sayəsində “Moderna” kompaniyasının ikinci vaksini klinik sınaqların üçüncü mərhələsinin gedişində yüksək effektivlik göstərib. Bundan əvvəl “Pfizer” peyvəndinin uğuru barədə də məlumat verilib. Bu, hamı üçün böyük qələbədir”, - deyə məlumatda bildirilir.
Noyabrın 16-da Amerikanın “Moderna” kompaniyasının koronavirus peyvəndi klinik sınaqların üçüncü mərhələsində 94,5 faiz effektivlik göstərib. Bir müddət öncə ABŞ administrasiyası vaksinin hazırlanması üçün bu kompaniyaya 486 milyon dollar, “Johnson & Johnson” əczaçılıq kompaniyasına 456 milyon dollar, Oksford Universitetinin (Böyük Britaniya) alimləri ilə birgə vaksin hazırlayan “AstraZeneca” kompaniyasına isə 1,2 milyard dollar vəsait ayırmışdı. Həmçinin ABŞ-da “Merck” və “Pfizer” kompaniyaları da vaksin üzərində işlər aparır. Ağ evin məlumatına görə, administrasiya bu layihələrə ümumilikdə 12 milyard dollar sərmayə yatırıb.