QAN YADDAŞI
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar şəhidləri anılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan elmi işlər üzrə direktor müavini, dosent Ələmdar Məmmədov Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. Vurğulanıb ki, otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Səftər Süleymanov, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev çıxış edərək milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi haqqında fikirlərini bildiriblər. Qeyd olunub ki, dünyada hər bir azərbaycanlı Qanlı Yanvar faciəsini unutmamalı və həmin gün canlarından keçən soydaşlarımızın xatirəsini yad etməlidir.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.