“MOND” QƏZETİ: AZƏRBAYCANDA YENİ MÜƏSSİSƏLƏR YARANIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Parisdə gündəlik nəşr olunan Fransanın ən nüfuzlu “Mond” qəzetinin 11 sentyabr tarixli nömrəsində “İqtisadiyyat və maliyyə” rubrikası altında dərc olunmuş məqalədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının illik hesabatı ilə bağlı məqalə dərc edilmişdir. Məqalədə dünyanın müxtəlif dövlətlərində biznes mühitinin yaradılması və onun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar görülmüş işlərdən söhbət açılmış, bu sahədə böyük müvəffəqiyyət qazanmış ayrı-ayrı ölkələrin adları çəkilmişdir.
Məqalədə son vaxtlar Azərbaycanda biznesin inkişafından bəhs edən maraqlı fikirlər öz əksini tapmışdır. Dünya biznes sahəsində ən çox tənzimləyici islahatlar aparan 10 ölkə arasında Azərbaycanın lider olduğu qeyd edilmişdir. 2008-ci ilin yanvarından Azərbaycanda biznes fəaliyyəti və mülkiyyət satışı üzrə prosedurun və vergi ödənişi qaydalarının sadələşdirildiyi, biznes şəraitinin yaxşılaşdırılması istiqamətində islahatların aparıldığı diqqətə çatdırılmışdır.
Yazıda, həmçinin bu ilin son altı ayında yeni müəssisələrin yaranması sahəsində Azərbaycanda 40 faiz sıçrayış olduğu və xüsusi mülkiyyətin qeydə alınmasının 61 günə deyil, 11 günə həyata keçirildiyi xüsusi vurğulanmışdır.
Məqalə Azərbaycanda gedən uğurlu iqtisadi yüksəliş, münbit biznes mühitinin yaradılması barədə fransız oxuculara məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir.