Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir
Bakı, 2 aprel, AZƏRTAC
2021/2022-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 3 yer ayrılıb.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 5 -dən 9-dək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan elektron poçt ünvanına aşağıdakı sənədlərin fotosurətlərini göndərməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Cari ildə orta məktəbi bitirən məzunların bitirdiyi məktəbdən yarımillik qiymətlərin göstərildiyi arayış;
3. Əvvəlki illərin məzunlarının orta təhsil haqqında sənədi;
4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi (oğlanlar);
5. Əlaqə məlumatları.
Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2021-ci il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.
DİM qeydiyyatdan keçmiş və sənədləri qəbul edilmiş abituriyentlərin nəzərinə çatdırır ki, onların buraxılış imtahanı (əvvəlki illərin məzunları üçün qəbul imtahanının 1-ci mərhələsi ) 2021-ci il aprelin 15-də keçiriləcək.
Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Müsabiqədə iştirak etmək istəyənlər üçün DİM tərəfindən aprelin 19-da onlayn müsahibə keçiriləcək.
Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, politologiya, dövlət və bələdiyyə idarəetməsi, ticarət işi ixtisaslarından biri üzrə iştirak edə bilərlər.
Göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz əsasda təhsil alması üçün təqdim olunacaq.
İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:
1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Azərbaycandakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;
2. Milli pasportun surəti;
3. 3x4 santimetr ölçüdə ağ-qara, parıltısız 8 ədəd fotoşəkil;
4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;
5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;
6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;
7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;
8. HIV infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.