Moskvada əldəqayırma partlayıcı qurğunun partladıldığı açıqlanıb, 3 ölü, 21 yaralı var – YENİLƏNİB 2
Bakı, 2 avqust, AZƏRTAC
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanındakı restoranda əldəqayırma partlayıcı qurğu partladılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Terrorla Mübarizə Komitəsinin Məlumat Mərkəzindən bildirilib.
“Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri partlayıcı qurğunu restorana keçirməyə cəhd etməkdə şübhəli bilinən naməlum qadının qarşısını alan mühafizəçi, digərləri isə həmin qadın və müştəridir", - deyə məlumatda vurğulanıb.
Diqqətə çatdırılıb ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
00:32
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanındakı restoranda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Terrorla Mübarizə Komitəsinin Məlumat Mərkəzindən bildirilib.
22:36
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 17-si xəsarət alıb. Yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Bildirildiyinə görə, partlayış zamanı restoranda təxminən 50 nəfərin iştirak etdiyi qapalı məclis keçirilirmiş.
Hadisəyə ilkin səbəb kimi qaz avadanlığındakı nasazlıq göstərilir.
Partlayış yerində istintaq qrupu işləyir.