Moskvada keçirilən beynəlxalq konfransda Balaxanı Sənaye Parkının təqdimatı olmuşdur
Bakı, 30 may (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) idarə heyətinin sədri Zakir İbrahimov Rusiyanın paytaxtı Moskvada “Tullantıların idarə olunması sistemləri və texniki həll yolları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda Zakir İbrahimov “Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması” mövzusunda təqdimatla çıxış etmiş və iştirakçıların suallarını cavablandırmışdır.
Təqdimatda son illər ölkəmizdə “yaşıl iqtisadiyyat”, xüsusilə təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr sırasında Balaxanı Sənaye Parkının ən böyük addım olduğunu bildirilmişdir. Parkın ətraf mühitə təsirlərin azaldılmasında və təbii resurslardan qənaətlə istifadə edilməsində böyük irəliləyişə səbəb olacağı vurğulanmışdır. Qeyd olunmuşdur ki, bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaq, ölkədə xammal idxalından asılılıq azalacaqdır. Azərbaycan hökumətinin “yaşıl biznes”i, o cümlədən təkrar emal sənayesini dəstəkləməsi bu sahələrin surətlə inkişafına gətirib çıxaracaqdır ki, bu da ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı ilə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaqdır.
Bununla yanaşı, Azərbaycanda “yaşıl biznes”in inkişaf etdirməyin üstünlükləri, investisiya güzəştləri, hədəf sənayeləri, infrastruktur, eləcə də nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verilmişdir. Vurğulanmışdır ki, Balaxanı Sənaye Parkının nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi istehsal olunan məhsulların asanlıqla son istifadəçiyə çatdırmağa imkan verir. Eyni zamanda, potensial investorların Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsi ilə müraciət edə biləcəkləri qeyd olunmuşdur.
Təkrar emal müəssisələrini özündə birləşdirən Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfransda müxtəlif ölkələrin tullantıların idarə olunması sahəsində ixtisaslaşmış mütəxəssisləri, tədqiqat müəssisələrindən olan peşəkarlar, bələdiyyə və hökumət qurumlarının nümayəndələri, texnologiya və avadanlıq istehsalçıları iştirak etmişlər.