MOSKVADA “MDB: YANACAQ-ENERGETİKA VƏ XAMMAL EHTİYATLARI” SƏRGİ-FORUMU AÇILMIŞDIR
Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov sərgidə iştirak etmək üçün Moskvaya gəlmişdir.
M.Kərimov bu mötəbər forumun təntənəli açılış mərasimində təbrik sözü söyləyərək dedi ki, yanacaq-energetika kompleksinin inkişafı çərçivəsində qazanılmış uğurların Azərbaycan üçün xüsusi əhəmiyyəti var, çünki bütövlükdə respublikanın inkişafını məhz neft-qaz sahəsi müəyyənləşdirir. O, ölkəmizin yanacaq-energetika sahəsində uğurlarından danışaraq vurğuladı ki, Azərbaycanın neft-qaz sahəsinin inkişafında yeni dövr ümummilli liderimiz Heydər Əliyevin adı ilə, onun uzaqgörən siyasəti nəticəsində hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilən uzunmüddətli neft strategiyası ilə qırılmaz surətdə bağlıdır. Nazir dedi: “Bu strategiyanın əsasları “Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin aparıcı ölkələrin məşhur şirkətlərinin iştirakı ilə işlənilməsi haqqında 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il sentyabrın 20-də həmin tarix geniş qeyd ediləcəkdir”. M.Kərimov bildirdi ki, son illərin uğurları sayəsində Azərbaycanın dünya iqtisadi birliyinə inteqrasiyası prosesi sürətlənmişdir, Avropa Energetika Xartiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir və bu proses dinamik şəkildə inkişaf edir, dərinləşir.
Nazir bu sahədə Birlik dövlətləri ilə əməkdaşlıq məsələlərinə toxunaraq vurğuladı ki, Azərbaycan MDB ölkələri, ilk növbədə, Rusiya ilə ənənəvi sıx əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycanın energetika sistemi Rusiyanın energetika sistemi ilə paralel işləyir ki, bu da hər iki tərəf üçün sərfəlidir. O xatırlatdı ki, MDB Elektroenergetika Şurasının növbəti iclasını oktyabrda Bakıda keçirmək nəzərdə tutulmuşdur.
MDB Elektroenergetika Şurası Komitəsinin sədri Y.Mişuk, MDB İcraiyyə Komitəsi sədrinin müavini V.Kiriçenko və başqaları sərgi-forumda çıxış edərək dedilər ki, bu tədbirin keçirilməsi haqqında qərar MDB İqtisadi Şurasında qəbul olunmuşdur və bu, yanacaq-energetika kompleksi sahəsində Birlik dövlətlərinin potensialını qiymətləndirməyə, həmin sahədə əməkdaşlığı genişləndirməyə imkan verir.
Sərgi mərkəzində Birlik dövlətlərinin yanacaq-energetika, xammal, maşınqayırma komplekslərinin ən iri şirkətləri müasir texnologiyaları, materialları, avadanlığı, tikinti texnikasını, neft və qaz yataqlarının axtarışı və kəşfi texnologiyalarını və digər məhsullarını nümayiş etdirirlər.
Azərbaycanın stendi ən gözədəyən yerdə quraşdırılmışdır. Azərbaycan Dövlət Neft Şirkətinin təqdim etdiyi bu stenddə respublikamızın yanacaq və energetika sahəsində nailiyyətlərinə dair məlumat verilir. Burada ölkəmizin neft sənayesinin infrastrukturunu əks etdirən təsvirlər yerləşdirilmiş, yarımdalma üzən qazma qurğularının texnoloji göstəriciləri, nəqliyyat infrastrukturunun yaradılması geniş işıqlandırılmışdır, eyni zamanda, son illərə aid sənədli kinolentləri nümayiş etdirilir. Bunlarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafı sahəsində gördüyü çox böyük işlərdən də bəhs olunur.