Mövcud transliterasiya yanaşmaları haqqında məqalə nüfuzlu elmi jurnalda dərc edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadənin “Mövcud transliterasiya yanaşmaları və metodlarının icmalı” (A review of existing transliteration approaches and methods) adlı məqaləsi “International Journal of Multilingualism” nəşrində dərc olunub. Jurnal “Web of Science” beynəlxalq elmi bazasında indeksləşir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə transliterasiya sahəsinin maşın tərcüməsi, insan adları və toponimlərin düzgün yazılışı və informasiya axtarışında əhəmiyyəti qeyd edilib. Transliterasiyanın digər dillərə təsiri və onun yaratdığı problemlər göstərilib. Transliterasiya sahəsində ədəbiyyatda mövcud olan müxtəlif yanaşma, model və metodlar araşdırılıb və müqayisəli təhlillər aparılıb, transliterasiya üsullarının növləri göstərilib, eləcə də transliterasiya prosesi zamanı əsas götürülmüş prinsiplər qeyd edilib.
Tədqiqat çərçivəsində ayrı-ayrı dillər üzrə təklif edilmiş transliterasiya üsullarının üstün cəhətləri və çatışmazlıqları da təqdim edilib. Bildirilib ki, bir dil üçün təklif edilmiş transliterasiya metodları digər dillər üçün əhəmiyyətli olmaya bilər. Bundan başqa, fərqli qrafika və fonetikaya malik dillərin birtərəfli və geriyə transliterasiyası sahəsində yalnız bir metodun tətbiqi kifayət etməyə bilər. Bu səbəbdən də müxtəlif transliterasiya üsullarının birləşdirilməsi məqsədəuyğun hesab edilib.