SİYASƏT
MSK sədri: İndiyədək seçki prosesi ilə bağlı heç bir şikayət daxil olmayıb
Bakı, 1 fevral, AZƏRTAC
İndiyədək seçki prosesi ilə bağlı heç bir şikayət daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın fevralın 1-də keçirilən iclasında deyib.
Müəyyən iradlarla bağlı danışan Məzahir Pənahov bildirib ki, cəmiyyət, vətəndaşlar bu prosesdə çox həssas olmalıdırlar.
“Əsas məsələ veb-kameraların quraşdırılmasıdır. Min məntəqədə veb-kameraların quraşdırılması asan məsələ deyil. Biz şəffaflıq istəyirik. Bəzi qüvvələrin mənfi rəylər səsləndirməsi düzgün deyil.
Seçkilərin şəffaf keçirilməsi üçün siyasi iradənin mühüm əhəmiyyəti vardır”, - deyə MSK sədri vurğulayıb.
İnformasiya təhlükəsizliyi istiqamətində işlərin davam etdirildiyini deyən Məzahir Pənahov bu işdə MSK-ya dəstək olan əlaqədar qurumlara minnətdarlığını bildirib.