Müasir Azərbaycanın varlığı və qüdrəti Ulu Öndərin xidmətlərinin bəhrəsidir
Bakı, 12 dekabr, AZƏRTAC
Ötən əsrin sonlarında SSRİ-nin dağılması ilə müstəqilliyimizin yenidən bərpa edilməsi üçün tarixi şərait yarandı. Azərbaycan xalqının azadlıq mücadiləsi nəticəsində müstəqilliyimiz yenidən bərpa edildi. Lakin, müstəqilliyini yenidən əldə etmiş ölkəmiz siyasi hərc-mərclik və xaosa bürünmüş, böyük təhlükələrlə üz-üzə qalmışdı. Bu proses yenicə bərpa edilmiş müstəqilliyimizin davamlılığını sual altına salırdı. Müdrik xalqımızın ulu öndər Heydər Əliyevə üz tutması və ona etimad göstərməsi müstəqilliyimizin qorunmasını şərtləndirən əsas amil oldu. Ümummilli lider Heydər Əliyevin “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deməsi bir daha dahi şəxsiyyətin Azərbaycan sevgisini göz önünə qoyur. Növbəti dövrdə Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər bu kəlamın tariximizdə real əksini tapmasını göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Şahin İsmayılov söyləyib.
Şahin İsmayılov deyib: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycançılıq məfkurəsini uca tutmuş, xalqını sevmiş, dövlətin mənafeyini üstün tutmuş, peşəkarcasına fəaliyyət göstərmiş və ömrünü bütövlükdə Azərbaycana həsr etmişdir. Azərbaycançılıq məfkurəsi Ulu Öndərin həm birinci hakimiyyəti dövrünün, həm də ikinci dövrünün əsas idealogiyasını təşkil etmişdir. Sovet dövrünün dəmir qaydalarına baxmayaraq Ulu Öndər hər zaman Azərbaycan xalqının tarixinin öyrənilməsinə böyük əhəmiyyət verir, özünüdərk prosesinin daim aktual qalmasına xüsusi diqqət göstərirdi. Ulu Öndərin fəaliyyətinin bütün istiqamətlərində azərbaycançılıq var idi. Müstəqilliyimizin yenidən əldə olunması zamanı azərbaycançılıq ideologiyasının xalqın özünüdərk prosesinə necə böyük təsir göstərdiyi açıq şəkildə görünürdü. Hər zaman həyata keçirdiyi işlərlə tarixi qabaqlamağı bacaran ulu öndər Heydər Əliyev müstəqillik prosesini əslində hakimiyyətinin birinci dövründə artıq başlatmışdı.
Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi dahi şəxsiyyətimiz var. O, müasir Azərbaycanın memarı, xalqımızın xilaskarıdır. Sevindirici haldır ki, gənc nəsil Heydər Əliyev siyasi irsini həvəslə öyrənir və yaşadır. Heydər Əliyev Məktəbinin təşviqi gələcək nəslin Vətənə xidmət etməsi və dövlətçiliyimizin qorunması üçün zəruridir. Xalqımız bu missiyanı uğurla yerinə yetirir. Heydər Əliyev insanların qəlbində yalnız siyasi lider kimi yaşamır. Xalqımız onun müasir Azərbaycanın varlığı üçün göstərdiyi misilsiz xidmətlərini bilir, onun xatirəsini ən səmimi qəlbdən və ən doğma şəkildə daim yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin fəaliyyəti Heydər Əliyev siyasi irsinin nə qədər böyük bir məfhum olduğunu göstərir.
Ulu Öndərdən ən böyük xatirə özünün yaratdığı müasir Azərbaycandır. Biz xalq olaraq onu daim qəlbimizdə yaşadacaq və sonsuz hörmətlə yad edəcəyik.