“MUDİS” BEYNƏLXALQ KREDİT REYTİNQ AGENTLİYİ AZƏRBAYCAN RESPUBLİKASINA YENİ KREDİT REYTİNQİ VERMİŞDİR
Maliyyə naziri Samir Şərifov məlumat verdi ki, “Mudis” Beynəlxalq Reytinq Agentliyi 2006-cı il sentyabrın 14-də Azərbaycan Respublikasına Ba1 kredit reytinqi verdiyini bəyan etmişdir.
“Mudis” Beynəlxalq Agentliyinin bu reytinqi “Fitch” reytinq agentliyinin əvvəlki dövr üçün Azərbaycana verdiyi kredit reytinqi ilə müqayisədə (BB) bir pillə yuxarı olmaqla, investisiya kredit reytinqindən yalnız bir pillə fərqlənir.
“Mudis” agentliyinin ölkəmizə ilk dəfə olaraq kredit reytinqi verdiyini nəzərə alsaq, nail olunmuş nəticə respublikamız üçün bu sahədə ciddi uğur sayıla bilər.
Nazir S.Şərifov bildirdi ki, Azərbaycana “Mudis” agentliyinin Ba1 kredit reytinqinin verilməsi ölkəmizə beynəlxalq maliyyə qurumunun etimad göstəricisi olmaqla yanaşı, borclanma qabiliyyətinin artırılmasına, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədi ilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına, hökumət zəmanəti ilə alınan kreditlərə görə ödənilən faiz dərəcələrinin və sığorta mükafatlarının azalmasına və beləliklə də respublikamızın beynəlxalq kapital bazarına çıxmasının asanlaşdırılmasına, birbaşa xarici investisiyaların həcminin artmasına, maliyyə resurslarının dəyərinin ucuzlaşdırılmasına və dünyada dövlətimizin imicinin artmasına şərait yaradacaqdır.
İqtisadi inkişaf naziri Heydər Babayev qeyd etdi ki, yüksək kredit reytinqinin alınması Azərbaycan Prezidenti İlham Əliyevin sosialyönümlü iqtisadi siyasətinin daha bir uğuru hesab olunmalıdır. Bu uğura ölkəmizdə bərqərar edilmiş dayanıqlı siyasi sabitlik, ümumi daxili məhsulun dinamik artımı, xarici əməliyyatlar üzrə cari hesablarda əhəmiyyətli dərəcədə profisitin yaranması, yüksək likvidlik, sabit monetar siyasət, neft strategiyasının reallaşmasından əldə edilən gəlirlər və onun idarəedilməsi üzrə uzunmüddətli siyasətin müəyyənləşdirilməsi, dövlət xərclərinin, o cümlədən investisiyaların orta müddətli xərclər proqramı ilə uzlaşdırılması və bu sahədə şəffaflığın yaradılması, yoxsulluq həddinin xeyli azaldılması və s. amillər hesabına nail olunmuşdur.
Sonda nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.