Müəllimlər “Virtual məktəb”də istifadə etdikləri faydalı alətlər barədə fikirlərini bölüşüblər
Bakı, 14 dekabr, AZƏRTAC
Ölkənin ən iri milli onlayn platforması “Virtual məktəb”də dərslər davam edir. Təhsilin fasiləsizliyini və davamlılığını təmin edən layihə çərçivəsində müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audiodərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur. Bu imkanlardan faydalanaraq dərs keçən müəllimlər bildirirlər ki, dərslərdə izah edilən anlayışların vizuallaşdırılması mövzunun şagirdlər tərəfindən daha yaxşı qavramasına, uzun müddət onların yaddaşında qalmasına kömək edir. Bu baxımdan platformada müxtəlif fənlərin tədrisində istifadə olunan geniş interaktiv alətlər onların dərslərini daha maraqlı etməyə imkan yaradır.
Müəllimlər interaktiv dərs təcrübələri barədə fikirlərini AZƏRTAC-la bölüşüblər.
Xəzər rayonu 156 saylı tam orta məktəbin ingilis dili müəllimi Aygün Muradova “Virtual məktəb”də yaradılan imkanları çox faydalı hesab edir. O vurğulayıb ki, “Virtual məktəb”də təqdim edilən alətlər dərsləri dinamik, müasir və cəlbedici etməyə şərait yaradır. “İlk günlərdən onlayn dərslərimdə bir sıra Veb 2 alətləri tətbiq etməyə başladım. Bura “Flipgrid”, “Quizlet”, “Mindmeister” və “Pear Deck”i aid etmək olar. Yeni lüğət əzbərləməyinizə kömək edəcək bir çox texnikalar var, lakin hələ də kartlar sözləri öyrənməyin ən təsirli üsullarından biri hesab olunur. Bu baxımdan “Quizlet” çox effektiv təsir göstərir. Şagirdlər bunun vasitəsilə yeni sözləri asanlıqla mənimsəyir, həmçinin materialı əzbərləmək üçün məşqlər edir, oyunlar oynayırlar. Bu vasitə şagirdlərə yeni leksikanı müxtəlif növ öyrənmə seçimi verir. Beş öyrənmə üsulu və komandalararası iş öyrənənlərin həvəsini daha da artırır. “Mindmeister” beyin həmləsi üsulunun tətbiqinə kömək edir. Proqram şagirdlərin yeni ideya və yanaşmalarını əks etdirir. Bu tətbiq vasitəsilə hazırladığımız materialları təqdimatlarımıza da inteqrasiya edə bilirik. Tətbiq şagirdin müstəqil düşünmə qabiliyyətini və öyrənmə motivasiyasını yüksəldir. Mövzunun kollektiv müzakirəsi üçün əsas fikir mərkəzdə yazılır və şagirdlərin ixtiyarına buraxılır. Şagirdlər təkcə sözlər və cümlələrlə deyil, həmçinin şəkillər, videomateriallar, linklər vasitəsilə həm öz fikirlərinə, həm də yoldaşların yazdıqları fikirlərə münasibət bildirirlər”.
Lənkəranda 7 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyən Mehmanə Heydərova isə platformadakı alətlərin interaktivliyi təmin etməklə yanaşı, dərslərin keyfiyyətinə də müsbət təsir göstərdiyini deyir: “Dərsin mövzusuna uyğun olaraq müxtəlif alətlərə müraciət edirəm. Layihə işlərinin həyata keçirilməsi üçün “Thinglink”, “Mindomo”, “Jamboard Google”, “Buncee” alətlərindən, şagirdlərin qiymətləndirilməsi üçün gündəlik kimi “Praise” alətindən, ev tapşırıqlarının verilməsində, həmçinin dərs zamanı beyin həmləsi üçün “Cram”, “Quizizz”, “WordWall”, “WheelDecide”, “PearDeck”, “EduCandy”, “LearningApps” kimi alətlərdən geniş istifadə edirəm”.
Mehmanə müəllimə bu alətlərin şagirdləri tərəfindən də maraqla və asanlıqla istifadə olunduğunu diqqətə çatdırıb: “Məsələn, “Thinglink”də müxtəlif məlumatlar bir şəkil və ya bir video üzərində yerləşdirilir. Məlumatların bu formada vizual təqdimatı şagirdlərin diqqətini daha çox cəlb edir. “Cram”, “Quizizz”, “EduCandy”, “LearningApps” ilə müxtəlif testlər və açıq tapşırıqlar yaradaraq virtual sinif otağında paylaşmaqla şagirdlərin dərsə marağını artırmaq olur. “Jamboard Google” və ya “Buncee” ilə onlayn kitab formatında verilən tapşırığı bir neçə səhifədə toplaya bilirik. “WheelDecide” isə onlayn dərs zamanı qrup işlərinin təşkilinə kömək edir. Bu kimi digər alətlər də dərslərimizi əyləncəli və daha səmərəli keçirməyə xidmət edir. Hər gün yeni alətlərə müraciət edərək dərslərimin rəngarəng olmasına çalışıram. Müsbət effekti nəzərə alaraq, həmkarlarıma da onlayn dərslər zamanı interaktiv alətlərdən faydalanmağı məsləhət görürəm”.