Müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı bölgələrdə maarifləndirici görüşlər davam edir
Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair maarifləndirici görüşlər davam edir. Növbəti tədbirlər Balakən, Zaqatala və Qəbələ rayonlarında təşkil olunub.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışılıb. Müəllimlər sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, təhsilverənlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıblar.
Görüşlərin sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.