Mülki Aviasiya Muzeyində veteran təyyarəçilərlə görüş keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində Qarabağ müharibəsinin veteran təyyarəçiləri ilə görüş keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinin müəllim, tələbə heyəti və Qarabağ müharibəsinin veteran təyyarəçiləri - Xanlar Səttarov, Kazım Abbasov, Hüseyncan Əzimov, Edison Həsənov və Rafiq Səlimov iştirak edib.
Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinin nümayəndəsi, polkovnik Xəlil Yusubov tədbiri açıb və Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklər ilə bağlı çıxış edib.
Sonra Qarabağ müharibəsinin veteran təyyarəçiləri öz döyüş xatirələrini bölüşərək, erməni vandallarının törətdikləri faciənin dəhşətləri barədə məlumat veriblər.
Tədbirin yekununda Mülki Aviasiya muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova görüşün keçirilməsinin gənclərə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətini vurğulayıb.
Muzeyin sifarişi ilə İctimai televiziyanın “Carçıfilm” studiyası tərəfindən veteran mülki təyyarəçilərimizə həsr olunmuş “Torpaq, səma, od” adlı sənədli filmi, muzeyin tərtib etdiyi “Mülki aviatorlarımız”, “Milli Aviasiya Akademiyası 25 il” və “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı kataloqları Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinin rəhbərliyinə təqdim edilib.
Sonda Mülki Aviasiya Muzeyi tərəfindən hazırlanmış Qarabağ müharibəsində iştirak etmiş təyyarəçilərin foto sərgisinə baxış keçirilib.