Münəvər Hüseyn: Pakistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri çox ümidvericidir
Bakı, 15 iyul, AZƏRTAC
Pakistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri bir sıra səbəblərə görə olduqca ümidverici görünür. Hər iki ölkə dəyişən çoxqütblü beynəlxalq sistemdə orta güc diplomatiyasının əhəmiyyətini getdikcə daha çox dərk edir. Avrasiya nəqliyyat əlaqələrinin gücləndirilməsi təşəbbüslərinin artan əhəmiyyəti hər iki ölkənin strateji dəyərini artırır.
Bu barədə AZƏRTAC-a Pakistanın beynəlxalq münasibətlər üzrə eksperti Münəvər Hüseyn bildirib.
Ekspertin fikrincə, bərpaolunan enerji, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, ali təhsil və iqlim dəyişikliyinə davamlılığın təmin edilməsi sahələrində əməkdaşlıq ənənəvi sektorlardan kənarda yeni tərəfdaşlıq istiqamətləri açır.
Münəvər Hüseyn bildirib ki, hər iki ölkənin liderləri müntəzəm yüksəksəviyyəli səfərlər və strateji dialoqlar vasitəsilə əməkdaşlığın institusionallaşdırılmasına güclü siyasi sadiqlik nümayiş etdiriblər.
Pakistanlı analitik qeyd edib ki, 2025-ci ildə Xankəndidə keçirilən 17-ci İƏT Zirvə Görüşü çərçivəsində Pakistan ilə Azərbaycan arasında imzalanmış tarixi 2 milyard dollarlıq investisiya müqaviləsinin effektiv şəkildə həyata keçirilməsi ikitərəfli münasibətlər tarixində ən əhəmiyyətli iqtisadi öhdəliklərdən birinə çevriləcək. İnvestisiya sazişi Cənubi Asiya, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqi birləşdirən daha geniş regional iqtisadi inteqrasiya üçün katalizator ola bilər.
“Bu saziş tək investisiya sazişi deyil. O, enerji, infrastruktur, nəqliyyat, turizm, mədənçıxarma sənayesi, informasiya texnologiyaları və müdafiə sahələrində uzunmüddətli strateji əməkdaşlıq üçün hərtərəfli təməl yaradır. Sazişin imzalanması anından bəri hər iki ölkənin hökumətləri siyasi öhdəliklərin praktiki fəaliyyətə çevrilməsinə yönəlmiş institusional mexanizmləri işə salıblar. Birgə işçi qrupları, texniki məsləhətləşmələr və hökumətlərarası əlaqələndirmə prioritet layihələrin müəyyənləşdirilməsi və investisiyaların həyata keçirilməsi üçün zəruri olan normativ, maliyyə və hüquqi məsələlərin həllində cəmləşib. Tam investisiya paketinin mərhələlərlə həyata keçirilməsi gözlənilsə də, saziş ənənəvi olaraq güclü siyasi münasibətləri davamlı iqtisadi tərəfdaşlığa çevirmək üçün düşünülmüş strategiyanı əks etdirir”, - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, Azərbaycan Pakistana Cənubi Asiya regionuna getdikcə daha vacib bir çıxış kimi baxır, Pakistan isə Azərbaycanı Cənubi Asiyanı Qafqaz, Mərkəzi Asiya və Avropa ilə birləşdirən strateji tərəfdaş hesab edir. “Beləliklə, bu investisiya təşəbbüsü iqtisadiyyatın çərçivəsindən kənara çıxan əhəmiyyət kəsb edir: o, regional qarşılıqlı əlaqəni gücləndirir və Avrasiya inteqrasiyası üzrə daha geniş təşəbbüsləri tamamlayır”, - deyə Münəvər Hüseyn əlavə edib.
Müxbir – Leyla Muradzadə