Murmanskda azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Murmanskda azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə qəhrəman şəhərin müxtəlif milli diasporlarının nümayəndələri, Murmansk vilayəti Milli Mədəni Mərkəzinin rəhbərləri və üzvləri, həmvətənlərimiz, tələbələr, Rusiya Azərbaycan Gəncləri Təşkilatının fəalları iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına uyğun olaraq hər il martın 31-də qeyd olunan Azərbaycanlıların soyqırımı günü barədə məlumat vermişdir.
O demişdir ki, həmin gün xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan diasporu 1918-ci ildə Bakıda və Bakı quberniyasında baş vermiş hadisələr zamanı həlak olan həmyerlilərimizin xatirəsini yad edirlər.
A.Hüseynov bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımları XX əsrin sonlarında da təkrar edilmişdir. 1988-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürmüşlər. Erməni qəsbkarlarının məkrli siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvasından qovulmuş, ərazilərimizin 20 faizi işğal olunmuşdur.
Sonra ermənilərin ötən əsrdə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarından bəhs edən sənədli film göstərilmişdir.