Müşavir: İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və milli qanunvericiliyin uyğunlaşdırılması zəruridir VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
“Texnologiyaların inkişafı və ətraf mühitin reallıqları ilə uyğunlaşmaq üçün fərqli baxışlardan istifadə edilməlidir. Bu mənada qanunvericilik iqlim dəyişikliyindən doğan bütün çağırışlara cavab verən səmərəli hüquqi mühitin yaradılmasında aktiv rol oynamalıdır. Eyni zamanda, qanunlar və qaydalar maraqları balanslaşdırmağa qadir olmalıdır. Biz beynəlxalq və milli siyasətlərin iqlim dəyişikliyinə qarşı qlobal fəaliyyət kursuna uyğunlaşdırılmasını təmin etməliyik. COP29-un təşəbbüsü bu öhdəliklərin və yüksək siyasi iradənin çox gözəl göstəricisidir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev oktyabrın 24-də Bakı Konqres Mərkəzində keçirilən “İqlim dəyişiklikləri və enerji hüququ” konfransında çıxışı zamanı deyib. S.Əliyev bildirib ki, gücümüzü sarsıdan və ya sağlamlığımıza zərbə vuran amillərlə mübarizədə əməkdaşlıq və birgə yanaşmalar vacibdir: “Siyasətin formalaşdırılması, qanunvericilik fəaliyyəti istiqamətlərində daha mütəşəkkil və güclü bir hüquqi çərçivəyə ehtiyacımız var. Çünki qanunlar və qaydalar vasitəsilə biz həm onları yönləndirə, həm də asanlaşdıra bilərik. Bütün qanunların icra edilməsi mümkün və aydın, icra edənlər üçün proqnozlaşdırıla bilən olmalıdır. Səmərəli qaydaların hazırlanması təbii ki, öz çətinliklərini doğurur. Hüquqi çərçivə həm aydın, həm də tətbiq edilə bilən olmalıdır”.
O vurğulayıb ki, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq və milli qanunvericiliyin uyğunlaşdırılması zəruridir. Ədliyyə Nazirliyi bu istiqamətdə öz işini davam etdirir, hüquqi islahatlar vasitəsilə iqlim dəyişikliyindən doğan problemlərə cavab verən mexanizmlərin yaradılmasına xüsusi önəm verir. Bu çərçivədə peşəkar kadrların hazırlanması və mövcud problemlərə uyğun hüquqi mexanizmlərin inkişafı üçün təlimlər təşkil olunur.