Musiqi Forumunun növbəti panel sessiyasında ənənəvi musiqi janrları müzakirə olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Musiqi Forumunun ilk günündə növbəti panel sessiya ənənəvi musiqi janrlarına həsr olunub.
AZƏRTAC xəbər verir ki, "Media FM" radiosunun direktoru, musiqişünas Rüstəm Əliyevin moderatorluğu ilə keçirilən "Ənənəvi musiqi janrları" panel sessiyasında spikerlər Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, bəstəkar Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, professor, musiqişünas Nailə Rəhimbəyli, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Əməkdar İncəsənət xadimi Sənubər Bağırova, Azərbaycan Milli Konservatoriyasının dosenti, ozan Fəxrəddin Baxşəliyev, Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova, bəstəkar Pikə Axundova olublar.
Panel sessiyada "Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya", "Aşıq musiqisinin ənənələrinin canlandırılması yolları", "Ənənəvi musiqi nümunələrinin toplanılması və sistemləşdirilməsi problemləri", "Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi" və "Azərbaycan milli musiqi ənənələrinin müasir janrlarında mövcudluğu və problemlər" mövzuları ətrafında spikerlərin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.