Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Xocalı yol gözləyir” rekviyem kompozisiya nümayiş olunub
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə xalqımızın başına gətirilən müsibətlərdən söhbət açılıb.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək ermənilərin Xocalıda törətdikləri insanlığa sığmayan vəhşiliklərdən söhbət açıb.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinovanın “Xocalı soyqırımı qan yaddaşımızdır”, elmi işçi Əzirə Abdullayevanın “Xocalı faciəsi bəstəkarların yaradıclığında” mövzusunda məruzələri dinlənilib.
Bəstəkar Azad Zahidin “Xocalı yol gözləyir” rekviyem kompozisiyası nümayiş olunub.
Tədbirdə muzeydə istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələri iştirak edib.