Musiqi, təsviri sənət, bahar onun əsərlərinin mövzusudur
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Rəssamı Arif Hüseynovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Musiqi. Təsviri sənət. Bahar” adlı tədbir muzeyin təşkilatçılığı ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova sənətkarın həyat və yaradıcılığından danışıb. Onun əsərlərindəki mövzunun daha çox musiqiyə aid olduğuna diqqət çəkən A. Bayramova rəssama yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Muzeyin şöbə müdiri Xanım Abdinova rəssamın yaradıcılığı haqqında məlumat verib. O söyləyib ki, A.Hüseynov tanınmış rəssam-miniatürçü, rəssam-qrafik və ədəbi əsərlərin illüstratorudur. Onun yaradıcılığı təkcə doğma ölkəsində deyil, xaricdə də tanınır. Arif Hüseynov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Onun Bakı, İstanbul, Moskva, Praqa və Tokioda fərdi sərgiləri açılıb.
Vurğulanıb ki, onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında, Moskvada Şərq Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
Kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə sənətkarın yaradıcılığına nəzər salıb. Qeyd edib ki, uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar.
Tədbir respublikanın tanınmış ifaçılarının konsert proqramı ilə davam edib. İfaçıları muzeyin Qədim Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.