Müstəqil Azərbaycanda inkişafın əsası Ulu Öndərin hakimiyyətə qayıdışı ilə qoyulub
Bakı, 24 may, AZƏRTAC
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətini vurğulayıb, Ümummilli Liderin Azərbaycanda hakimiyyətə qayıtması ilə başlayan inkişafdan danışıb. Qeyd edilib ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə hakimiyyətə qayıdan Ulu Öndərin apardığı uğurlu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmiz regionda söz sahibinə çevrilib, beynəlxalq aləmdə nüfuzu yüksəlib.
Prezident İlham Əliyevin dünya səviyyəli siyasi xadim olduğunu vurğulayan Zərifə Quliyeva dövlətimizin başçısının ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini deyib.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub.
Digər çıxış edənlər Ümummilli Liderin Azərbaycanın dünyada tanıdılması üçün gördüyü işlərdən danışıb, Ulu Öndərin ölkəmizdə bütün sahələrin inkişafı istiqamətində atdığı addımlardan bəhs ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısının ifası ilə yekunlaşıb.