Müstəqilliyimiz əbədidir, dönməzdir – dəyirmi masa
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm rol oynadığını, cümhuriyyətin ömrünün qısa olmasına baxmayaraq müstəqillik ideyasının ictimai şüurda kök saldığını vurğulayıb. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə yeni dönəmin başlandığını diqqətə çatdırıb.
Dəyirmi masada “18 oktyabra aparan yol. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu”, “18 oktyabr - Müstəqil Azərbaycanın mədəniyyətinin inkişafında yeni mərhələnin başlanması” və “Azərbaycanın ali təhsil sahəsində islahatlar (1993-2003-cü illərdə)” mövzularında məruzələr dinlənilib.