REGİONLAR
Muxtar respublikada dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilir
Naxçıvan, 12 yanvar, AZƏRTAC
Ötən il ərzində muxtar respublikada dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilmiş 3 müsabiqədə 1159 namizəd iştirak edib, 600 namizəd test imtahanlarında uğur qazanıb və 72 nəfər müvafiq vəzifələrə təyin olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində 2020-ci ilin yekunlarına həsr olunan yığıncaqda səsləndirilib.
Tədbirdə mərkəzin sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, ötən il mərkəz tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin və mərkəzə aid cari tapşırıqların icra olunması diqqətdə saxlanılıb. Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 7 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 11 qərarı ləğv etdirilib, digər 7 dövlət orqanının 11 qərarı isə dəyişdirilib.
Vurğulanıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hesabat dövründə dövlət qulluğuna və digər orqanlara qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili, test bankının yenilənməsi və zənginləşdirilməsinin təmin edilməsi vəzifələrinin icrası diqqətdə saxlanılıb. İsmayıl Qəribli bildirib ki, Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırığa uyğun olaraq 2020-ci il ərzində hüquq-mühafizə orqanlarının əməkdaşlarının və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib, test imtahanlarında 851 namizəd iştirak edib, 383 namizəd test imtahanlarında uğur qazanıb.
Ümumilikdə, 2020-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən 20 test imtahanı keçirilib. Bu da qurumun fəaliyyəti dövründə ən yüksək göstəricidir. İmtahanlarda 3905 iştirakçıdan 1871-i keçid balını toplayıb. Hesabat dövründə keçirilən həmin imtahanlarda uğur qazanan 381 nəfər müvafiq vəzifələrə təyin olunub. Eyni zamanda ehtiyat kadrlar siyahısından 6 namizəd işlə təmin olunub.
Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” layihəsi həyata keçirilib. Mərkəzin əməkdaşlarından və könüllülərdən ibarət xidmət qrupu rayonlara gedərək müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərib. Mərkəzin hamiliyinə verilən tələbələrin iştirakı ilə müxtəlif mövzularda 10 seminar keçirilib.
Sonra çıxışlar dinlənilib.