Muxtar respublikada torpaqların su təminatı yaxşılaşdırılır
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir. Torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün dekabr ayında da işlər davam etdirilib, sudan səmərəli istifadəyə nəzarət artırılıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 11,9 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində 9 min 682 hektar torpaq sahəsi suvarılıb.
Bu dövrdə 13,4 kilometr beton və torpaq kanal, 12 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 77,4 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınıb.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların suvarılmasının səmərəliliyinin yüksəldilməsi işlərinin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 339 hektar sahədə də qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb, 380 metr ana xətt çəkilib. Həmçinin Şahbuz rayonunun Külüs kəndi ərazisində yeni tikilən nasos stansiyası vasitəsilə suvarılacaq sahədə işlər davam etdirilib və 1,82 hektar sahə əkin üçün yararlı hala salınıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 280 metr su, 160 metr kanalizasiya, Kəngərli rayonunun Xok kəndində 7,9 kilometr su xətti çəkilib. Sədərək və Kəngərli rayonlarında tikintisi aparılan yuxarı və aşağı su anbarlarında işlər başa çatdırılıb, nasos stansiyaları binalarında tikinti işləri davam etdirilib.