Myanma ordusu: Növbəti parlament seçkiləri fövqəladə vəziyyətin bitməsindən sonra keçiriləcək
Pekin, 1 fevral, AZƏRTAC
Myanma İttifaqının rəhbər şəxslərini həbs edərək hakimiyyəti ələ keçirən ordu ölkədə növbədənkənar parlament seçkilərinin fevralın 1-də elan olunmuş fövqəladə vəziyyətin bitməsindən sonra təşkil olunacağını açıqlayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, yeni seçkinin təşkilindən əvvəl İttifaq Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Parlament seçkilərindən sonra isə ordu hakimiyyəti yeni hökumətə təhvil verəcək.
Qeyd edək ki, fevralın 1-də səhər saatlarında Myanma ordusu ölkə Prezidenti Vin Myini, Myanmanın faktiki lideri olan dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Həbslərə səbəb həmin şəxslərin ötən il noyabrın 8-də keçirilmiş və hakim partiyanın qalib gəldiyi parlament seçkilərinə qanunsuz müdaxilə etməsi göstərilib.
Myanma ordusuna aid olan "Myawaddy TV" kanalı hakimiyyətin silahlı qüvvələrin ali baş komandanı, general Min Aun Hlayna keçdiyi bildirilib. Vitse-prezident Myint Sve isə müvəqqəti prezident elan olunub. Dövlət teleradio kanalının yayımı, digər telekommunikasiya xidmətləri dayandırılıb. Paytaxt Yanqonun bəzi hissələrinə ordu qüvvələri yeridilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin