Naftalan şəhərində mobil qruplar tərəfindən gündəlik reydlər davam etdirilir
Naftalan, 21 avqust, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərində COVID-19-a qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə yanaşı, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərdə koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla, 5 mobil qrup fəaliyyət göstərir.
Mütəmadi olaraq şəhər ərazisində, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında reydlər keçirilir, əhalinin sıx toplaşdığı ərazilərdə sakinlərlə fərdi qaydada izahetmə işləri aparılır.
Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maska, əlcək, spirt və sair məhlullardan) istifadənin, sosial məsafənin gözlənilməsinin zəruri olduğu bildirilib. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyekt sahiblərinə xəbərdarlıq edilərək, müvafiq strukturlar tərəfindən inzibati qaydada tədbirlər görülür.
Mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.