Naftalandan Türkiyəyə yardım göndərilir
Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə yardım aksiyasına ölkəmizin digər bölgələri kimi, Naftalan da qoşulub.
Qardaş ölkəyə göndərilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətinin xətti ilə humanitar yardım fevralın 10-da Gəncəyə gətirilib.
Şəhər icra hakimiyyəti başçısının müavini Arzu Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində yardım kampaniyası çərçivəsində zəruri geyim, yorğan-döşək dəstləri və tibbi ləvazimatlar göndəriləcəyini bildirərək deyib: “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Biz bu çətin gündə türk qardaşlarımızın yanında olmağı və onlara dəstək verməyi özümüzə borc bildik. Naftalandan lazım olan geyim və tibbi ləvazimatlarla yanaşı, əl arabalarını və əsaları da zəlzələdən əziyyət çəkən qardaş-bacılarımız üçün göndəririk. Təbii ki, bu yardımlarımız davamlı olacaq”.
Qeyd edək ki, toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.