İQTİSADİYYAT
“Nar Mobile” dilerlərin fəaliyyətindən razıdır
“Nar Mobile” mobil operatorunun Bakıda dilerlərin iştirakı ilə keçirilən illik toplantısında əldə olunmuş nailiyyətlər və yeni hədəflər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, toplantıda diler müqavilələrində edilən müsbət dəyişikliklərdən bəhs olunub. Bildirilib ki, bonuslar barədə mütəmadi məlumat ötürülməsi mexanizmi tənzimlənib, ödənişsiz sim-kart dəyişmə layihəsi həyata keçirilib. Bundan başqa, dilerlərin fəaliyyəti haqqında məlumat bazasını özündə əks etdirən “Dealer Web Interface” layihəsi başa çatdırılıb, hər bir dilerin şəxsi elektron “kabineti” yaradılıb. Eyni zamanda, “779” diler qaynar xəttinin iş planı təkmilləşdirilərək problemlərin həlli müddəti qısaldılıb. İl ərzində “1+1”, “Nar smartfonu”, “Galaxy S5” və “Nokia Lumia” kimi bir sıra yeni kampaniyalar keçirilib.
“Azerfon” şirkətinin satış üzrə direktoru Leyla Nəsrullayeva mobil operatorun dilerlərin fəaliyyətindən məmnun qaldığını bildirərək, yüksək nəticələrin qazanılmasında onların xüsusi əməyinin olduğunu vurğulayıb. Bu tərəfdaşlığın daha sıx və davamlı olacağına əminliyini ifadə edib.
Tədbirdə mobil operatorun 2015-ci ilə dair planları barədə məlumat verilib, eksklüziv diler dükanlarının yenilənməsinin və diler servis mərkəzlərində bir sıra dəyişikliklərin aparılmasının nəzərdə tutulduğu bildirilib.
Sonda 2014-cü ildə ən yüksək nəticə göstərmiş dilerlərə mobil operator tərəfindən xüsusi mükafatlar təqdim olunub.