NARDARANDA DÖVLƏT SULARDA XİLASETMƏ XİDMƏTİNİN YENİ MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevin yeni yaradılmış nazirliyə diqqət və qayğısını qeyd etmiş, eyni zamanda, ölkəmizin başçısının qurumun qarşısında qoyduğu məsul vəzifələri, verdiyi tapşırıqları diqqətə çatdırmışdır. Natiq belə müasir məntəqənin nazirliyin tərkibində 1926-cı ildən fəaliyyət göstərən DSXX-nin tarixində ilk dəfə açıldığını, eləcə də insanların təhlükəsiz istirahətinə etibarlı təminat olmayan çimərliklərin fəaliyyətinə icazə verilməyəcəyini vurğulamışdır. Bildirilmişdir ki, belə müasir xilasetmə məntəqələri daha 39 çimərlikdə də istifadəyə veriləcəkdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məntəqənin açılışı münasibətilə iştirakçıları təbrik etmiş, yay mövsümündə ölkəmizə xarici turistlərin cəlb edilməsi üçün Xəzər dənizi sahili boyunca bütün dövlət, bələdiyyə və özəl çimərliklərdə belə xilasetmə məntəqələrinin yaradılmasına ehtiyac olduğunu və onların təşkilinə əminliyini vurğulamışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar növbətçi, həkim, dalğıc, istirahət otaqlarından və mətbəxdən ibarət 2 mərtəbəli xilasetmə məntəqəsinin müasir üslubda tikilmiş yaraşıqlı binası ilə tanış olmuşlar.
Sonra nazir K.Heydərov xilasetmə məntəqəsinin qarşısında nümayiş etdirilən, xarici ölkələrdən alınmış yeni qəza xilasetmə avadanlığının texniki xüsusiyyətləri ilə maraqlanmış, tövsiyələrini vermişdir.
Tədbirdə məntəqənin əməkdaşları suda boğulanların xilası və ilk yardımın göstərilməsi, təcili xəstəxanaya çatdırılması, həmçinin suda batmış insanın tez bir zamanda axtarılıb-tapılması üzrə bacarıqlarını nümayiş etdirmişlər.
Prezidentin köməkçisi, general-leytenant Vahid Əliyev, gənclər və idman naziri Azad Rəhimov, vergilər naziri Fazil Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mərasimdə iştirak etmişlər.