Narkomanlığa qarşı maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Profilaktik tədbirlərin təsirliyinin və əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən üzərində maarifləndirici şüarlar və xüsusi xəbərdaredici mətnlər əks olunan yeni sosial lövhələrin yayımlanması davam etdirilir.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində 15 lövhənin, həmçinin Bakı şəhəri üzrə tam orta məktəblərdə isə 35 lövhənin yerləşdirilməsi təmin edilib.
Eyni zamanda, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə narkomanların xüsusilə geniş yayıldığı şəhər və rayonların mövcud küçə və prospektlərdə, təhsil müəssisələrinin yaxınlığında, vətəndaşların, o cümlədən yeniyetmə və gənclərin daha intensiv hərəkətdə olduğu ərazilərdə yuxarıda həmin sosial lövhələr yerləşdirilib, həmçinin zəruri təbliğat materialları və metodik tövsiyələrə dair kitabçalar göndərilib.
Beləliklə, ötən il və bu ilin ötən dövründə cəzaçəkmə müəssisələrində 33, Bakı şəhəri üzrə təhsil müəssisələrində 81, metro stansiyalarında 45, müvafiq şəhər/rayonlarda isə 20 sosial lövhə quraşdırılıb.