Narkotik tərkibli bitkilər yetişdirən şəxsin oğurluq hadisəsi törətdiyi də müəyyənləşib
Bakı, 5 may, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, mayın 4-də Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə olunan məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Tovuz rayonunun Əlibəyli kənd sakini Kamran İmamquluzadə saxlanılıb. Onun yaşadığı mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq edilərək yetişdirilən və ümumi çəkisi 26,837 qram olan 34 çətənə bitkisi aşkarlanaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Kamran İmamquluzadə ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Bundan başqa aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, saxlanılan şəxs 2012-ci ildə həmkəndlisinin evindən 30 min manat pulun oğurlanmasında da iştirak edib. Ona bu işdə Uluxan Cəfərov adında şəxs kömək edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.