NAXÇIVAN AQRAR-SƏNAYE REGİONUNA ÇEVRİLİR
Naxçıvan, 23 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əldə olunmuş iqtisadi tərəqqinin davamlılığını təmin etmək, movcud təbii ehtiyatlardan və əmək potensialından səmərəli istifadənin təşkilini həyata keçirmək məqsədi ilə ötən il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etmişdir.
İkinci Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının da inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2004-2009-cu illərin nəticələri, bu müddət ərzində muxtar respublikanın sosial-iqtisadi həyatında müşahidə olunan dinamik artım yeni Dövlət Proqramının da uğurla yekunlaşacağına təminat verir. Belə ki, muxtar respublikada ilk dəfə olaraq 2009-cu il ərzində ümumi daxili məhsulun həcmi 1 milyard 211 milyon 458 min ABŞ dolları səviyyəsini ötmüşdür. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 18,3 faiz artaraq 434,7 manat təşkil etmişdir.
Son dövrlər muxtar respublikanın iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən birinə çevrilən sənaye yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Həmin sektorda aparılan islahatların nəticəsidir ki, 2009-cu ildə 212 milyon 469,4 min manatlıq məhsul istehsal edilmişdir. Bu, 2008-ci illə müqayisədə 24,5 faiz çoxdur. Sənaye məhsulu həcminin 80 faizini məhsul istehsalı, 20 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Dövlət sektorunda 33 milyon 418 min, qeyri-dövlət sektorunda isə 179,1 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu məhsulun 84 faizi özəl sektorun payına düşmüşdür.
Muxtar respublikada istehsal müəssisələri heç də kortəbii şəkildə deyil, düşünülmüş qaydada yaradılır. İlk növbədə, bazar və əhalinin həmin məhsula tələbatı nəzərə alınır. Misal üçün, “Gəmiqaya” meyvə şirələri istehsalı müəssisəsi təsadüfi yaradılmamışdır. Bu müəssisə Şahbuz, Ordubad, Şərur rayonlarında yetişdirilən meyvələri əhalidən qəbul edir. Təbiidir ki, kənd əhalisi nə qədər çox meyvə yetişdirib satsa, bir o qədər də qazanacaqdır. Müəssisə isə, öz növbəsində, nə qədər çox məhsul istehsal edib satışa çıxarsa, bir o qədər gəlir əldə edəcəkdir. Proses kəndlə şəhərin paralel inkişafını stimullaşdırır.
Təcrübə göstərir ki, yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil əsas götürülərək, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2009-cu ildə də davam etdirilmişdir. Bunun nəticəsidir ki, yola saldığımız ildə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlətin texniki, maliyyə və innovasiya dəstəyi ilə 97 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmişdir. Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində, o cümlədən sement, metal profil, metal boru və digər bu kimi istehsal sahələrinin yaradılması istiqamətində 45 layihə həyata keçirilir.
Göründüyü kimi, sənaye potensialının möhkəmləndirilməsi sahəsində görülən tədbirlərin miqyası artan dinamikaya malikdir. Əgər 1995-ci ildə muxtar respublikada 56 sənaye müəssisəsi vardırsa, ötən 15 il ərzində bu müəssisələrin sayı 7 dəfə artaraq 390-a çatmış, 334 yeni sənaye müəssisəsi istifadəyə verilmişdir. Başqa sözlə, tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikasının aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi əsaslar yaradılmışdır.
######
![]() |
![]() |

