Naxçıvan Dövlət Universitetində Milli Teatr Günü qeyd edilib
Naxçıvan, 9 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Teatr və mədəniyyətşünaslıq kafedrasında 10 Mart - Milli Teatr Günü qeyd olunub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin sənət adamlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, dövlətimizin başçısının 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Qeyd olunub ki, 1873-cü il martın 10-da əsası qoyulmuş Azərbaycan milli teatrı və bundan 10 il sonra 1883-cü il mayın 11-də əsası qoyulmuş Naxçıvan teatrı uzun və şərəfli yol keçib. Bu gün muxtar respublikada teatr sahəsində ixtisaslı kadr hazırlığına diqqət göstərilir və Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisasının fəaliyyət göstərməsi bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Elbrus İsayev universitetin bu ixtisas üzrə bitirən tələbələrinin muxtar respublikada teatr sahəsinə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, gələcəkdə rejissorluq fəaliyyəti istiqamətində də peşəkar mütəxəssislərin hazırlanması qarşıya bir tələb kimi qoyulub. Rektor Tələbə Teatr Studiyasının fəaliyyətindən də danışaraq əlamətdar tarixi gün münasibətilə aktyor tələbələri təbrik edib.
“Azərbaycan teatrının yaranması və inkişafı” adlı çıxışında universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev teatrın tarixi və xalqın maariflənməsində, mədəniyyətimizin formalaşmasında onun əvəzsiz rolu barədə ətraflı məlumat verib.
Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistr Vəfa Qurbanzadə “Realist aktyor məktəbi” adlı çıxışında universitetdə aktyor tələbələrin yetişdirilməsi üçün yaradılan şəraitdən danışıb.
Tədbirin sonunda isə Aktyor sənəti ixtisası üzrə IV kurs tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” dramından bir hissəyə baxılıb.