Naxçıvan məhsulları ilk dəfə “Caspian Agro” sərgisində
Bakı, 18 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2023”) sərgisində təmsil olunur. Bu, muxtar respublikanın “Caspian Agro” sərgilərində ilk iştirakıdır.
AZƏRTAC-ın müxbiri “Caspian Agro 2023” sərgisində Naxçıvan Muxtar Respublikasının stendinə baş çəkib, nümayiş etdirilən məhsullarla maraqlanıb.
Naxçıvan Muxtar Respublikasının əhalisinin əksəriyyəti kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Azərbaycanda ilk dəfə olaraq torpaq islahatının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda keçirilib, torpaqlar şəxsi mülkiyyətə verilib ki, bu da kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan yaradıb. Muxtar respublikada kənd təsərrüfatının inkişafı əsasən intensiv amillər hesabına təmin olunur. Yüksək məhsuldarlığı olan toxum sortlarının, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə çatdırılması, suvarma sistemlərinin müntəzəm təkmilləşdirilməsi və ya yenidən qurulması, ən müasir texniki avadanlıqların lizinq yolu ilə fermerlərin istifadəsinə verilməsi və digər bu kimi tədbirlər kənd təsərrüfatı istehsalının artımına əhəmiyyətli təsir göstərib. 100 milyon kubmetr tutumu olan Heydər Əliyev su anbarının istifadəyə verilməsi nəticəsində 16 min 800 hektara yaxın sahənin suvarılması təmin olunub, 6 min 919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.
Muxtar respublikanın zəngin təbiəti və yumşaq iqlimi burada ekoloji cəhətdən təmiz məhsulların yetişdirilməsi üçün imkan yaradır. Digər tərəfdən kəndlərdə əhalinin ev təsərrüfatlarını inkişaf etdirmək üçün dövlətin göstərdiyi diqqət və qayğı sosial vəziyyətin yaxşılaşmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı İntiqam Hüseynbəyli ilə söhbət zamanı bildirdi ki, sərgidə Naxçıvanda istehsal olunan sənaye və orqanik məhsullar, dərman bitkiləri, müxtəlif içkilər nümayiş etdirilir. Sərgidə iştirak etməkdə əsas məqsəd muxtar respublikada aqrar sahəyə sərmayə cəlb etmək, innovasiyaları tətbiq etmək və yeni tərəfdaşlar tapmaqdan ibarətdir. Bu vasitələrlə kiçik və orta biznesi, eləcədə ailə təsərrüfatlarını inkişaf etdirib əhalinin sosial-iqtisadi durumunu daha da yüksəltmək mümkündür.
Kəngərli rayonunun Çalxanqala kəndində fərdi sahibkar tərəfindən istehsal olunan şərab tamı və keyfiyyətinə görə fərqlənir. Bu kəndə yetişdirilən “Qara mələyi” üzüm növündən hazırlanan şərab sertifikatlaşdırılıb və ixrac üçün yararlıdır.
Muxtar respublikanın Ordubad rayonu xüsusi iqlim şəraitinə malik olduğuna görə burada ərik, gilas, gilənar və digər meyvələr artıq may ayında yetişir və bazarlara çıxarılır. Ordubad limonu isə xüsusi dada malikdir. Ailə təsərrüfatları Naxçıvanda şomu, çaşır, cacıq, çaşır, baldırqan və digər faydalı bitkiləri qablaşdırıb satışa çıxarırlar. Bu məhsulları stendə də görmək mümkündür.
Fərdi sahibkar Məmməd Məmmədov uzun illərdir dərman bitkilərinin toplanıb qablaşdırılması və satışı ilə məşğul olur. Onun sərgidə nümayiş etdirdiyi Aslanpəncəsi, baldırqan çiçəyi, gülxətmi, dazotu, qoymadərən və digər bitkilər qaraciyər, böyrək, mədə-bağırsaq və başqa xəstəliklərin dərmanıdır. Zəncirotu isə 25 xəstəliyin müalicəsi üçün olduqca faydalıdır.
Sərgidə Naxçıvanda istehsal olunan “Badamlı”, “Sirab”, darıdağ mineral suları da nümayiş olunur. Naxçıvanda istehsal olunan məhsullar yerli bazarlarla yanaşı ölkəmizin digər rayonlarına da gətirilir və rəğbətlə qarşılanır.